Sosial şəbəkələrdə yayımla

Pulsuz PR - kimə lazımdır?

Sualı ritorik qəbul etməyin. Həqiqətən bu suala cavab axtarıram. Çünki bütün dünyada reklam yerini PR-a verdiyi halda, bizdə cəmiyyət PR-sızlaşır. Reklam qiyməti ilə ənənəvi mediada – jurnal, qəzet, televiziya və radioda yerləşdirilən məqalə və informasiyaların PR bəhrəsi olmadığı şübhəsizdir. PR təşkilat və ya müəssisənin nüfuzunun əksidir. Nüfuz isə alınmır. Vicdan satılmadığı kimi.

Yəqin PR-ın bir, amma daha geniş və təsirli qolu – media PR haqda danışmaq istədiyim anlaşıldı. Bu gün Azərbaycan ənənəvi mediasında PR deyilən bir məfhum yoxa çıxıb.  Fakt təkcə öz fəaliyyətinin varlığını sübut etmək istəyən (bunun üçün də press reliz, informasiya və ya məqalələrini pul ilə yerləşdirmək məcburiyyətində qalan) PR departamentlərini narahat etməməlidir. Bu, cəmiyyətin problemidir. Çünki ictimaiyyətin güzgüsü olan medianın həqiqətən nəyə üstünlük verdiyi, nədən narazı olduğu artıq bilinmir. Media, PR departamentləri və cəmiyyət üçlüyünün bu problemdə nə qədər günahkar olduğunu və hansının daha çox ziyan çəkdiyini düşünək.

Haşiyə: Yadıma Azərbaycanda PR-ın hələ tam nə olduğu bilinməyən vaxtlar düşür. Hansısa bir təşkilat tədbirinə çağırır, biz də jurnalist kimi maraqlı olduğu üçün gedirdik. 1 gündən sonra isə tədbirin təşkilatçısı redaktora zəng edib bizim nankorluğumuzdan, nailiyyətləri qoyub, cüzi problemləri qabartdığımızdan şikayətlənərdi. Bir də heç bir tədbirə çağırmayacağı ilə hədələyərdi. Amma yenə də çağırardı. Çünki yazırdıq, onlar da tanınırdılar. Və biz də onları yavaş-yavaş tanıyırdıq, öyrənirdik, doğma adamlarımız kimi xırda mənfilikləri bəzən gözə də görünmürdü.

İndi isə... Doğrudur, bütün hökumət, qeyri-hökumət, biznes təşkilatlarında PR bölmələr var. Onlar bəzən tıxac, bəzən süzgəc, bəzən dezinfeksiya edici, çox az halda isə güzgü kimi funksiyalarını yerinə yetirirlər. Bütün media qurumları bu bölmələrlə əlaqə saxlayır, hər bölmə də öz media siyahısını yaradıb əlaqələr qovluğunda qoruyur. Lakin bununla belə hətta ictimaiyyət qarşısında məsuliyyətə dəlalət edən ən vacib tədbir də (elmi dildə CSR) ödənişsiz, qarşılıqlı reklam vədi olmadan və ya başlı olduğu dövlət qurumu tərəfindən tapşırılmadan ötüşmür.

Təsəvvür edin ki, qadın və gözəllik verilişi dəb brendinin keçirdiyi beynəlxalq səviyyəli tədbirin onun üçün maraqsız olduğunu deyib, Əhmədli metrosu yaxınlığındakı gəlinlik salonundan süjet çəkməyə üstünlük verir. Yaxud xəbərlər redaksiyası ilin ən böyük kredit sazişinin maraqlı hadisə olmadığını deyib, 20 ildən bəri həll olunmayan münaqişənin uzunömürlü həmsədrinin 3 il əvvəl dediyi sözləri heç zaman eşitməmiş kimi təqdim edir, video əvəzinə də arxiv kadrları “yapışdırır”. Birincinin səbəbi gəlinlik salonunun pul ödəməsidirsə, ikincinin səbəbi xəbərsizlikdir. İctimaiyyət üçün nəyin maraqlı, nəyin maraqsız olduğunu müəyyənləşdirmək bacarığı.

Burada günahkar yəqin ki, təkcə media deyil. PR inkişaf etməsəydi, hətta dərəcəsi müəyyən edilməyən müğənninin belə PR-ı olmasaydı, media onun təsir gücünü bilməzdi və təbii ki, ondan pul qazanmaq ağlına da gəlməzdi. 

PR departamentlərin günahı medianı PR-ın məhz pulsuz olduğuna öyrəşdirməməkdir. Yəqin ki, ilk pullu PR mənfi istiqamətli məqaləni müsbətə dəyişdirmək üçün jurnalistə verilən rüşvətdən başlayıb. Sonra isə qüsursuz tərif axtarmışıq. Özümüzü işimizin yüksək səviyyədə təşkil olunduğuna inandırmaq üçün ən rahat üsulu pullu PR saymışıq. Hazır material verirsən, tənqiddən də başın ağrımır.

Amma yadımızdan çıxarmışıq ki, PR pulla alınanda  onun reklam olduğunu tərəfsiz tamaşaçı-oxucu-dinləyici gözü öz işinə zillənib ətrafa bir az “kor” baxan bizdən fərqli olaraq hər şeyi görür. Və o, bizdən qaçır. Pullu PR özümüzə də ziyandır. Başqalarının haqqımızda nə düşündüyünü görə bilmirik. Üzünə təriflənib arxasınca danışılan adamlar kimi həqiqi nüfuzumuzdan xəbərimiz olmur. 

Medianın günahı maddi marağının ictimaiyyət üçün əhəmiyyətli informasiyanı üstələməsidir. Bu, təkcə pulsuz PR-dan imtina edib ictimai məlumata göz yummaq deyil. Axı cəmiyyəti narahat edən o qədər problem pullu PR məqalələrin kölgəsində qalır ki... Bu, başqa yazının mövzusudur. Yəqin ki haçansa PR etikasından yazmaq fikrinə düşsəm buna toxunaram...

...Üçüncü tərəf isə cəmiyyətdir. Ən böyük günahkar və ən böyük zərərçəkən. Günahı isə bütün bunları udmasıdır. Zərəri isə əyri güzgüyə baxması...  

Baxılıb: 7087

Şərhlər(8)

Şərhlər (8)

aflatunus aflatunus
indi ki bele eliyirler, metbuati aldatmaq, oyuna getirmek lazimdir. virus marketingle :)
afulya76 afulya76
Məncə də. Hətta bu problemi bəlkə də Milli Mətbuat Şurası və s. və i. ilə qarşı tərəfin razılaşmaları səviyyəsinə də qaldırmaq olar. PR məqalələri pul verib yazdırmaq olar, kampaniyaların hazırlanmasına, fotoların çəkilməsinə pul vermək olar. Amma PR yazıların yerləşdirilməsi pullu olmaMAlıdır. Vicdanlı redaktoru maraqlı yazıdan başqa heç bir şey maraqlandırmamalıdır. Belə olsa, biz də mənalı PR yazılarının mübarizəsinə baxmaq bizə də xoş olar.
TITANUS_GIGANTEUS TITANUS_GIGANTEUS
Məncə bu problemin aradan qaldirilması üçün və ya vəziyyətin yaxşılaşdırılması üçün dəyirmi masa keçirilməlidirş Marketerlər və kiv nümayəndələri. İnsan bilmədiyinin düşmanıdır.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Kütlələrin xüsusən Azərbaycanda TVdən uzaqlaşdığını düşünmürəm. Hələ onun diqqətəlayiq bir tendensiyaya çevrilməsinə var. MilliNet verildi deyə milli mediamız internetə köçmüyüb ki :)
afulya76 afulya76
Əslində internetin istinad edilən olmasının səbəbi sürət və operativliyidir + ödənişsizliyi. Bu sürət və operativlik nə qəzet-jurnal, nə də televiziyada var. Bizdə günün 24 saatı xəbər vermək iqtidarında olmayan televiziya, gündəlik qəzet, aylıq jurnal daha geniş yanaşmadan istifadə etməlidir - rəylər, şərhlər və s. Cəmiyyətdə hər bir medianin ozünəxas yanaşması yetişmədiyindən camaat sadəcə xəbəri dağınıq şəkildə almaqla (oxumaq və eşitməklə) kifayətlənir.
mak mak
muellfin bu movzuda kifayet qeder eziyyet cekdiyi hiss olunur :)
SHaig SHaig
Həvəslə oxuduğum yazı oldu. Çox əla qeyd olunan məqamlar var. Vüsal`ın yazdığı cümləni əgər o yazmasa idi mən qeyd edəcəkdim =).
Birdə bu son cümləyə Üçüncü tərəf isə cəmiyyətdir. Ən böyük günahkar və ən böyük zərərçəkən. Günahı isə bütün bunları udmasıdır. Zərəri isə əyri güzgüyə baxması. münasibət bildirim:
Məncə cəmiyyət heç də bunları tamamilə udmur.
Getdikcə kütlələri özündən uzaqlaşdırır, xüsusilə TV`lər. Elə internetin getdikcə daha çox istinad edilən qaynaq olmağıda bununla əlaqələndirmək olar.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
PR departamentlərin günahı medianı PR-ın məhz pulsuz olduğuna öyrəşdirməməkdir.

Bu cümləni xüsusi bəyəndim. Və məncə problemin təməlində məhz bu durur.

Bu məsələ 2018-ci ildə 15-20 il öncənin biznes mühitini analiz etmək üçün yerli medianı araşdıranda qabağımıza çıxacaq. Hələ ki, isti isti yaranın ağrısını hiss etmirik. Vaxt gələcək əlimizdə sadəcə media olacaq. O zaman isə materiallar reklamdan və reklam əvəzedicisi PRdan ibarət qalacaq.