Daş nədir?
"Azercell"-in inşa yazısı müsabiqəsi elanına fikrimi mak.az-da bildirəndən sonra düşündüm: “Qəfil belə bir şey məndən soruşulsa nə deyərdim?” Ağlıma gəldi ki, nə isə yadıma sala bilərəm. Yadıma saldıqlarımı bir yerə toplamağa cəhd etdim:
Daş – Azərbaycan dilinin izahlı lüğətinə görə, təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim…
Daş – Gildən yaranan Adəmin qardaşı,
Daş – insanın ilk əmək aləti,
Daş – insana çörək vermək üçün aramsız fırlanan dəyirman daşı,
Daş - cəhənnəmdə insanı yandıracaq yeganə yanacaq.
Daş – Düşdüyü yerdə ağır olan buralı, yerli,
Daş – gündə 5 dəfə milyonlarla insanın eyni vaxtda üz tutduğu “oralı” - Kəbə.
Daş - Bərklik, möhkəmlik,
Daş - damlanın inadı qarşısında zəiflik.
Daş – Dözümlülük,
Daş – insandan fərqli olaraq, Allaha ibadəti boynuna götürməyən dağların gücsüzlüyü.
Daş – “Bir daş altdan, bir daş üstdən” deyənin susmağı,
Daş – daş atıb, başını tutanın etirazı.
Daş – Birliyin nəyə qadir olduğuna nümunə,
Daş – təklik qorxusu.
Daş - Dava-dalaş,
Daş – “pəncərədən daş gəlir, ay bəri bax, bəri bax” oxuyan sevənin çağırışı.
Daş – Soyuqluq,
Daş - alov yaradan çaxmaq daşı.
Daş – Qiymətsiz qara daş,
Daş – Almaz.
Daş – “Bu dünyanın qara daşı göyərməz” deyənlərin ümidsizlik rəmzi,
Daş – üstünə zirehli tanklar gələn əliyalın fədainin ümid yeri
Daş – Möhkəm yol,
Daş – yazı,
Daş – musiqi,
Daş – memarlıq,
Daş – Qavaldaş, Qız qalası, Ayasofya məbədi, Misir ehramları, Tac Mahal, Azadlıq heykəli.
Daş – Tənə edilənənlərə daş-qalaq,
Daş – təriflənənlərə mərmər heykəl.
Daş – Zindan,
Daş – saray.
Daş – Fərhadın Şirinə məhəbbətinin sübutu olan Bisütun,
Daş – “rədd olsun, dalınca qara daş” deyənin yaranan nifrəti.
Daş – Vicdanımız susanda ürəyimiz,
Daş – həqiqəti deyəndə istəməyənlərin başına düşdüyümüz.
Daş – Bir-birindən seçilməyəcək qədər çoxluq,
Daş – bir-birinə bənzəməyəcək qədər unikallıq.
Daş – Bütün bu sifətləri ilə bərabər təbiilik...
Sıranı artırmaq da olar... İlk yadıma düşənlər idi. Bir də yəqin ki, bunu romantikadan uzaqlaşmağa cəhd edən birinin yazdığını nəzərə alıb, səliqəsizliyi bağışlayarsınız.
Baxılıb: 11326
Şərhlər (11)
Yay nedir?
mak.az/articles.php?item_id=20100628125215867sec_id=2
Xəbərin də yayımlanma tarixi 5 apreldir:) 3 günə şedevr gözləyirlər görəsən? Adətən belə mövzulara 1 həftə gedir:)
Siz dilimizi məndən yaxşı bilərsiniz hər-halda, bir sadalayın daşla bağlı atalar sözlərini baxın görün nə alınır :)