Sosial şəbəkələrdə yayımla

BIZIMKILERin SevinCINe bir NAR

Mobil Operatorlardan istifadəyə dair sorgunun nəticələrinə baxıram:

Mobil telefon istifadəçilərinin təxminən 55 faizi bir, 45 faizi iki və ya daha çox nömrə işlədir.  İki nömrə işlədənlərin 77 faizinin əsas nömrəsi Azercell, 20 faizinin Bakcell, 3 faizininki Nar’dır.  İkinci nömrələrin 31 faizi Azercell, 44 faizi Bakcell, 24 faizi Nar. İkinci nömrə işlətmə səbəbi 55 faiz daha ucuz tarif, 28 faiz əhatə keyfiyyətidir. Bu Bakı üzrə nəticələrdi. Sumqayıt üzrə fərqlidir:  46 faiz abonent bir, 54 faiz iki və ya daha çox nömrə istifadə edir.  Çoxnömrəlilərin 37 faizinin əsas operatoru Azercell, 55 faizininki Bakcell, 6 faizininki Azerfondur. İkinci nömrələr isə belə paylaşır: 48 faiz Azercell, 47 faiz Bakcell, 5 faiz Nar. İkinci Nömrə, 36 faiz istifadəçiyə görə yaxşı əhatə dairəsi üçün lazımdır, 35 faizə görə sərfəli qiymət üçün. Bir nömrəli abonentlərin isə 63 faizi Azercell abonentidir.

...Təəccüblənməyin! İki il əvvəldən danışırdım. Və indi, bu nəticələrə baxanda niyə təəccübləndiyimizdən bəhs etmək istəyirəm.

Azercell’in nəzərindən bu nəticələrə baxanda bir “vaaay” deməyim gəldi!  Vaxt var idi, Narmobile “Xoş sözlərlə yaşa” şüarıyla bazara girəndən az sonra “Boş sözlərlə yaşa” cavabı almışdı.  Amma indi Azercell nə qədər “Daha yaxşı yaşa” desə də, abonentlərin birinci-ikinci nömrə istifadəsi Nar’ın xeyrinə artmaqda davam edir. Narla müqayisələmələr çoxalır. Niyə? Çünki zamanında yanlışa yol verildi. Operatorlar tarif davasına çıxdı. Hər kəs, özünəxas üstünlükdən danışmaqdansa, səmti itirdilər. Nar bazara ucuz girib, sonra keyfiyyət artırmağa iddialı idi ki, hələ də alınmır. Azercell kommunikasiyada öz əsas fərqini – ƏHATƏ GÜCÜNÜ unutdu. Bu dönəmdə udan isə Bakcell oldu. Bakcell balans oldu. Nar’la rəqabətə girə biləcək tarifləri ilə Azercell’lə rəqabətə girə biləcək əhatə gücünü uzlaşdırmağa çalışdı. Və indi ən sabit abonentlər məhz onunkular sayıla bilər. Sosial şəbəkələrdə belə tez-tez “keçdim Nara” deyənlərə rastlanır ki, keçiş də əksər halda məhz Azercell’dəndir.

Sorğudan göründüyü kimi, Azercellin iki il əvvəl də regionlarda mövqeləri güclü deyildi. Bu məqam diqqətə alınmadığı üçünsə, bu gun bölgələrdə liderlik, ümumiyyətlə, mübahisə mövzusudur. Bakcell Nar, zamaninda paytaxt özünüsevmişlərini (pulu olan və elit görünmək istəyənləri) boş verib, bölgələrə girişdi. Ən ucqar kəndlərdə antennalar quraşdırdı. Üstəlik də ucuz tariflər. Beləcə bölgələr əldən getməyə başladı ki... bu vaxt paytaxtda da tarif davası başladı. Azercell hətta öz abonentlərinin belə diqqətini ƏHATƏ GÜCÜndən yayındırdı. Rebranding edən lider operator niyə o cür prosesdən lazımınca yararlanmadı, məhz liderliyini, keyfiyyətini vurğulamayıb, qlamur imic reklamı hazırladı, hələ də anlamış deyiləm. O prosesə olduqca böyük xərclər çəkildi. Amma bu gün məsələn, mənim yadımda “bu səs” deyimindən başqa heç nə qalmayıb... Halbuki mövqeləri möhkəmləndirmək, gedənlərə dur demək üçün əla fürsət idi! Elə onda Azercell bu dagdan o daga quzu otaran uşağını haylayan ananın indi telefonla uşağından xəbər tutdugunu çəkib, Turkcell sayagı çəkim gücünü qabardıb, bəlkə xüsusi bölgə tarifi də təklfi edib, bu gün dediyi “Daha yaxşı yaşa” sloqanına zəmin hazırlaya bilərdi.

Bu gün də eyni yanaşma davam edir. Hər iki əsas operator eyni vaxtda kontur sistemindən manata keçdi. Təəssürat? Azercell’çilərdən hələ ki, ancaq “manatla bahadır’’ sözünü eşitmişəm. O da tərəddüdlə. Yəni millət hələ tam anlaya da bilmir, tarif eyni qalıb, yoxsa bahalaşıb. Ucuzlaşıb demirəm, çünki bunu hələ olduqca az adamdan eşitmişəm. Azercell isə bütün reklam və müraciətlərində “İndi daha rahat” deyir. Nədir rahat olan, əzizlərim?! Divanmı, danışıq mı, saymaq mı, yoxsa qafiyə mi? (Yeri gəlmişkən, Turkcell’in qafiyəsini də heç olmasa məğzə uygun oğurlamaq olardı).  Narın “Bizdə əvvəldən rahat idi” deyə söz atmasına yol vermək nəyə lazım idi?! Üstəlik bu rahat kəlməsi heç abonentlərə də lazım deyildi. Əgər manata keçmək sadəcə rahatlıq deməkdirsə, onda Azercell bu məqamı həm də Bakcell əvəzindən vurğulamış oldu. Halbuki, ÖZÜNƏMƏXSUS tərəfi vurğulamaq lazım idi.  Parklara divan qoymaqla, abonentlər Azercell’i seçmir, seçməyəcək!  5 qəpik kampaniyası keçirən operatorun, əsas rəqibin 7 qəpik tarifindən dərhal sonra, “həmişəlik 5 qəpik” deyəcəyini düşünmək və başqa cür mövqelənmək lazım idi...

Ayrıca, dilerlərlə işləmək lazımdır. Dükanlarda, əllərdə hər üç operatorun nömrələri satılır. Və nömrə almaq istəyən müştərinin seçimi “hansı məsləhətdir” sualına verilən cavabdan asılıdır!
Sizcə, “HANSI MƏSLƏHƏTDİR”?! İki ildən sonra operatorlar arasında istifadə faizləri necə olacaq?! Mən bilmirəm... Abonentlər çox loyaldı. Yaxşı marketing gedişi ilə onların sırasını bir anda pozmaq da olar! Heç nəyə dəyməməklə, abonentləri ucuz şorba içməyə vərdiş etdirməkdə...
İndilik, bildiyim qədər, durum budur: Bizimkilərin Sevincinə bir Nar.

P.S. Bu tarif adlarından da danışacam.

Baxılıb: 5605