2010-06-02
Çox zaman marketinq elmini və təbii olaraq marketoloqların gördüyü işləri incəsənət və (və ya) kreativ fəaliyyət kimi qiymətləndirirlər. Həqiqətən də marketinq fəaliyyətində adları çəkilən elementlərdən istifadə edilir, lakin Marketinqlə məşğul olan istənilən şəxsin əsas vəzifəsi çalışdığı şirkətə daha çox mənfəət qazandırmaqdır. Marketinq gözəl reklam, gözəl dizayn və mükəmməl sayt yaratmaq deyil, marketinq şirkətin (və ya fərdin) qoyduğu konkret hədəflərə çatmaq üçün aparılan insan fəaliyyətidir. Bu yaxınlarda Siemens AG mərkəzi ofisində (Almaniyada) elmi işimlə əlaqəli stajirovkaya getmişdim. Mənimlə birlikdə dünyanın müxtəlif ölkələrindən Marketinqlə məşğul olan mütəxəsislər də vardı. Müzakirələrin birində media göstəricilərdən söhbət düşdü (ay nə bilim spontan tanınma, brend haqda pozitiv fikir və s.) və məni çox zaman düşündürən sual təbii ki, beynimdə canlandı. Marketoloqun əsas hədəfi nə olmalıdır? Qısa müddətli uğur və ya uzunmüddətli brend imicinin yaradılması? Marketoloq brendin pozitiv imicini, satış hədəfindən üstün tuta bilərmi? Sualımı Siemens Global Marketinq Direktoruna yönləndirdim. Cavabı məni çox təəcübləndirdi və kifayət qədər qısa oldu. “ Marketinq - layihə elmidir, xərclənən hər sent konkret hədəfə çatmaq üçün edilməlidir. Marketoloqun bacarığı böyük hədəfləri xırda layihələrə bölməkdir. İstər imic kampaniyası, istər qısamüddətli satış kampaniyası keçiriləndə hədəflər dəqiq qoyulmalıdır”. Əslində çox sadə və bəlkədə hamının bildiyi bir həqiqətdir, lakin gəlin görək bugün biz marketoloqlar buna riayyət edirik mi? Bugün keçirilən marketinq kampaniyalarının hədəfləri düzgün qoyulurmu? Çıxarılan yeni xidmət və məhsul düzgün hədəf(lər)ə çatırmı?
Müasir biznes layihələrin üzərində qurulmuşdur, təsadüfü deyil ki, Forbes jurnalında ilk 100-də olan şirkətlərin 90% çoxunda layihə idarəedilməsi sistemi tətbiq edilir. Marketinq fəaliyyətinin effektinin artırılması yalnız və yalnız düzgün aparılan layihələrdən keçir. Bugün mən Sizinlə uğurlu layihə necə həyata keçirilir sualına cavab tapmağa çalışacam. Beləliklə:
LAYİHƏLƏRİN İDARƏEDİLMƏSİ
Layihə idarəedilməsinin tətbiq metoduna keçməmişdən əvvəl Sizin nəzərinizə Harward Business Manager (Deutschland) jurnalının 2010-cu il üçün birinci nömrəsində rastlaşdığım bir araşdırma çatdırmaq istərdim:
LAYİHƏNİN UĞURLU OLMASINA NƏ TƏSİR EDİR?

Diaqramdan göründüyü kimi, layihə idarəedilməsi prosesi düzgün həyata keçirilsə layihənin uğuru 60% qarantiyaya alınır. Əslində bu fakt biz marketoloqlara bir daha iş prosesində biznes-proseslərin, sənədləşmənin, standartların nə qədər vacib olduğunu göstərir. Əminliklə Sizə söyləyə bilərəm ki, bugün post-sovet məkanında yerləşən dinamik inkişaf etmiş (etməkdə olan) şirkətlərin ən ciddi problemi məhz düzgün biznes proseslərin, layihə idarəedilməsi standartlarının olmamasıdır.
İstənilən layihə özündə düzgün aparılan 3 prosesi birləşdirir: təyin etmə, planlaşdırma, rəhbərlik. Bu funksiyanın düzgün aparılması layihə uğuruna bir başa təsir edir. Prosesi düzgün izah etmək üçün Sizə daha vizual göstərim:

TƏYİN ETMƏ. Bu mərhələdə biz konkret olaraq layihəni təyin etməyə çalışırıq. Maliyyə qaynağı, layihənin iştirakçıları, layihənin başlama və təbii olaraq bitmə tarixi. Ən başlıcası biz konkret layihənin səhmdara nə fayda verəcəyi və bu faydanının indikatorları kimi hansı faktorların olacağını təyin etməliyik. Biz elə etməliyik ki, layihədə iştirak edən hər bir fərd ümumi uğurda öz töhvəsinin nədə olduğunu bilsin. İstənilən layihə xırda layihələrin cəmindən ibarətdir bu baxımdan layihə meneceri həm müştəri həmdə icraçı kimi çıxış etməyi bacarmalıdır. Həmçinin bu mərhələdə layihə meneceri baza nəzərət anlayışlarını həm özü, həmdə layihə komandası üçün aydınlaşdırmalıdır.
PLANLAŞDIRMA. Təyin etmə mərhələsindən sonra layihə meneceri mütləq qaydada planlaşdırma prosesinə başlamalıdır. Burada risklərin idərəedilməsi, minimallaşdırılması yolları, hər bir mərhələnin dəqiq təsviri olmalıdır. Layihə başlamamışdan görünən istənilən sual layihə müddətindən özü ilə ən azı 5 əlavə suallar yaradır. Bu baxımdan layihə sənədləri dəqiq işlənilməli və işçi sənədlər konkret hədəfə çatma prosesini mərhələ-mərhələ özündə əks etdirməlidir.
RƏHBƏRLİK. Təbii olaraq istənilən prosesdə olduğu kimi layihə idarəedilməsində də işə bilavasitə rəhbərlik son dərəcə əhəmiyyətlidir. Burada yalnız layihənin uğuruna təsir edən xarici amillər deyil, həmçinin layihə komandasının vaxtında və düzgün işlərinin hıyata keçirmələri, layihə üzvləri arasında vaxtında və düzgün kommunikasiyaların təşkilindən sohbət gedir.
Ümumilikdə layihə rəhbərliyi özündə 3 əsas istiqaməti cəmləşdirir:
- Layihə gedişatının qiymətləndirilməsi. Bu özündə istənilən prosesə əks əlaqə sistemini yaradır. Layihə rəhbəri istənilən prosesə vaxtında müdaxilə edərək onu lazımlı istiqamətə yönləndirir.
- Kommunikasiya. Layihə üzvləri arasında kommunikasiya idarəetmə prosesi üçün çox vacibdir. Layihə üzvləri istənilən dəyişiklik və (və ya) cari fəaliyyətlər barədə məlumatlandırılmalıdır.
- Korrektə fəaliyyəti. Layihə gedişatında menecer daima bütün proseslərə nəzarət edərək lazımlı yerlərdə bir-başa korrektə işləri görməlidir.
Layihənin uğurlu olması üçün təhlillərin vaxtında və düzgün aparılması lazımdır. Ümumilikdə layihə menecmentində təhlil 3 mərhələdə həyata keçirilir:

Şəkildən də göründüyü kimi bu mərhələlər: layihədən əvvəl, layihə müddətində və təbii olaraq layihə bitdikdən sonra hesabat xarakterli təhlillərdir. Əslində istənilən marketinq kampaniyasında olduğu kimi (əslində həyatda olduğu kimi də demək olar), layihə idarəedilməsində “100 ölç – 1 biç” prinsipi dominantlıq edir. Yuxarıda yazılan təhlil metodları ilə əlaqəli Sizin üçün maraqlı olarsa ətraflı dayana bilərəm.
Layihə idarəedilməsinin uğurlu olması üçün “sehrli üçbucaq” deyilən məsələni Sizlərin yadınıza salmaq istərdim.
Bütün layihələr üçün keçərli olan bu sistemə görə biz mütləq qaydada 3 vacib kateqoriyaya fikir verməliyik. Bu kateqoriyalar vaxt, sərf edilən resurslar və bu sərfiyyatlara görə yaradılan dəyərin keyfiyyətindən (keyfiyyət dedikdə konkret problemi nə dərəcədə həll edə bilmə qabiliyyəti nəzərdə tutulur) asılıdır, çünki sözü gedən məfhumlarda ola biləcək istənilən dəyişiklik layihənin faydalı olub olmamasına bir-başa təsir göstərir.
Mən bu yazımla dəyərli marketoloqlarımızı iş fəaliyyətlərində layihə menecmenti qaydalarında istifadə etməyə çağırıram və inanıram ki, Siz də mənimlə razılaşarsınız ki, istənilən kreativ, istənilən rebrendinq, restaylinq, facelifting (nə çətin adlardı hə?) sadəcə vasitədir. Əsas olan hədəflərdir. Hədəfləri də əlbətdə Siz məndən yaxşı bilirsiniz.
Bütün marketoloqlarımıza hədəflərinə vaxtında çatmaq arzusu ilə,
Manafov İlkin.
P.S. Sual, rəy və təkliflərinizə görə Sizə təşəkkür edirəm,
manafov-ilkin@mail.ru
T ünd bənövşəyi Azercell (rebrendinqə baxış)